Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli Mersinə səfəri çərçivəsində ərazisinə və qəbul etdiyi yüklərin həcminə görə Türkiyənin ən böyük limanı olan Mersin Beynəlxalq Limanına (MIP) baş çəkib.

KONKRET.az xəbər verir ki, AY Partiya Başqanını qarşılayan MIP rəhbərliyi qonaqları limanı gəzdirib, fəaliyyət sahələri haqqında məlumat verib. Anar Əsədli rəhbərliyindəki nümayəndə heyətinə tanıtım filmi nümayiş etdirilib.

MIP-in koordinatoru Mətin Altınsoy 1950-ci ildə inşa edilən liman haqqında ətraflı məlumat verərək bildirib ki, Türkiyənin Aralıq dənizinə əsas qapısı kimi hazırda ölkə daxilindən, xarici dövlətlərdən, o cümlədən Suriya, İraq, MDB-dən yüklər qəbul edir.

Anar Əsədli liman idarəçilərinin Azərbaycana səfər etməsini, yeni qurulan iqtisadi zonalarla, o cümlədən Ələt İqtisadi Zonası ilə tanış olmasını, logistik mərkəzlərin qurulmasında iştirakını təklif edib, əməkdaşlıqların qurulması üçün bu addımların atılmasının vacibliyini diqqətə çatdırıb.

Anar Əsədli Mersində, həmçinin, “Kahramanlı Logistics Group”un qurucusu və sahibi, tanınmış iş adamı Əli Qəhrəmanlı ilə bir araya gəlib.

1970-ci ildə qurulan şirkət haqqında məlumat verən Əli Qəhrəmanlı nəqliyyat, sənaye və ticarət sahələrində 70 logistika xidməti göstərdiklərini və 84 iri tonnajlı yük avtomobilinə sahib olduqlarını bildirib. Əlavə edib ki, Asiya və Yaxın Şərqə çatdırılma xidmətləri göstərən şirkət 19.000 kv.m ərazidə yük gəmilərini qəbul edir. 8.500 kv.m sahəsi olan açıq və qapalı anbarı var, bundan başqa 3.000 kv.m soyuducu anbara malikdir.

Anar Əsədli isə bildirib ki, Azərbaycanla Türkiyə arasında iqtisadi-ticari münasibətlərin inkişafını təmin etmək üçün hər iki ölkənin regionlardakı iş adamlarının bir araya gəlməsi şərtdir. Yerlərdəki iş insanları qarşılıqlı səfərlər etməli, bölgələri araşdırmalı, iş imkanlarını öyrənməlidir. Bundan sonra səmərəli işlər qurula bilər.

AY Partiya Başqanı Mersində Türkiyə və Ərəb Ölkələri İş İnsanları Dərnəyinin (TURAB) Başqanı Fəxri Kuş ilə də görüşüb.

A.Əsədli rəhbərlik etdiyi partiya haqqında məlumat verərək, Mersində iş insanları ilə görüşlər keçirməsinin məqsədindən danışıb. O bildirib ki, iki ölkənin hökumət və xalqlarının əlaqələri yüksək səviyyədə olsa da, digər sahələrdə münasibətlər ya yoxdur, ya da potensialın altındadır. Onun fikrincə, xüsusilə regionlar arasında əlaqələr inkişaf etməyib, o cümlədən bölgələrdəki iş insanları iş imkanları haqqında məlumatsızdır. Anar Əsədli deyib ki, işğaldan azad edilmiş ərazilər tamamilə yenidən qurulduğu üçün həmin bölgələrdə iş imkanları daha genişdir. Bu baxımdan iş insanları qarşılıqlı səfərlər etməli, bölgələrin potensialını araşdırmalı, iqtisadi-ticari sahədə təşəbbüslərlə çıxış etməlidir.

Fəxri Kuş rəhbəri olduğu dərnəyin tərkibinin Türkiyə və ərəb ölkələrindən olan iş adamlarından ibarət olduğunu bildirib. O qeyd edib ki, TURAB Azərbaycan və Orta Asiyada iş qurmaqda maraqlıdır, amma Azərbaycanda iş imkanları barədə məlumatlı deyillər: “Azərbaycan bizim üçün çox önəmlidir, amma orada hazırda hansı sahədə fəaliyyətə ehtiyac olduğunu bilmirik”.

Anar Əsədli bunun üçün ilkin araşdırmalar aparılmasının zəruriliyini vurğulayıb və TURAB Başqanı ilə bölgədəki iş adamlarını Azərbaycana dəvət edib.

O, TURAB Başqanına Azərbaycan bayrağı və “Xarı bülbül” nişanı hədiyyə edib.

AY Partiya Başqanını görüşlərdə müavinləri Bəhrəm İsmayılov və Gülşən Hacıyeva, Baş Məclisin üzvü Saleh Həsənov müşayiət ediblər.